Yasaq Quşlar – Eduardo Qaleano
1976, Azadlıq Həbsxanası: Yasaq Quşlar
Uruqvayda siyasi məhbuslar, icazəsiz danışa, fit çala, gülə, mahnı oxuya, sürətli gəzişə, hətta digər məhbusla salamlaşa bilməzdilər. Hələ bundan başqa hamilə qadınlar, cütlüklər, kəpənəklər, ulduzlar və quşlar olan rəsmləri nə çəkə, nə də ala bilərdilər.
Siyasi düşüncələrinə görə həbs edilərək işgəncəyə məruz qalmış, orta məktəb müəllimi Didasko Perezi bir bazar günü beş yaşlı qızı Milay ziyarət edir. Qızı ona quşların da olduğu bir rəsm gətirir. Məmurlar həbsxananın girişində rəsmi cırırlar.
Növbəti bazar günü Milay atasına ağaclar olan bir rəsm gətirir. Ağaclar yasaq olmadığından, rəsm içəri buraxılır.
Didasko rəsmi bəyənir və ağacların başında, budaqların arasından görünən bapbalaca dairəciklərin nə olduğunu soruşur.
— Bunlar portağaldır? Hansı meyvədir bunlar?
Qızcığaz atasını susdurur:
-“Sussssss” və pıçıltıyla atasına deyir:
-“Ay dəli, görmürsən bunlar gözdür? Bunlar gizlincə sənə gətirdiyim quşların gözləridir.”
İspan dilindən tərcümə: Əfqan Xəlilli
Orijinal adı: Los pájaros prohibidos, Eduardo Galeano
Qram-qram ölürlər – Marta Madeyros
Qram-qram ölürlər səyahət etməyənlər,
Kitab oxumayanlar, musiqi dinləməyənlər,
Mənliklərində xoş niyyət daşımayanlar.
Qram-qram ölürlər.
Qram-qram ölürlər, özünə hörmət qoymayanlar
Yardım əlini havada qoyanlar,