Qızıl Saat – Maşadu di Asis
İndi sizə bir qızıl saatın hekayəsini danışacağam. Bər-bəzəkli bir zincirə taxılı, təptəzə, iri bir qol saatı var idi. Luiz Neqreyros, ona aid olmayan, heç yoldaşına da aid olmağı mümkün olmayan bu saatı evdə görəndə ağzıayrıq qalmaqda haqlı idi. Yoxsa, gözünə görünmüşdü? Elə deyildi; saat orada, yataq otağındakı masanın üstündə dururdu, elə Luizin özü kimi, bəlkə də olduğu yerdən və vəziyyətdən təəccüblənmiş halda, saat da ona baxırdı.
Luiz Neqreyros içəri girəndə Klara otaqda deyildi. Salonda oturub kitab vərəqləyirdi. Heç əri içəri girib, iltifat edərək onu öpəndə də çox fikir vermədi ona. Bu Klara gözəl qız idi, amma bir o qədər də soyuq idi, bəlkə də elə buna görə gözəl idi. Arıq, balaca bir xanım idi, boyuna baxanda uşağa oxşayırdı, kimsə yaxından gözlərinə baxsa, bilərdi ki, onun kimi qadın azdır. Halsız halda divanda uzanmış, gözləri kitabın açıq səhifələrində idi, amma təkcə gözləri, çünki fikri kitabda idi, ya başqa yerdə, heç bilmirəm. Amma görünürdü ki, fikri ərindən də, saatdan da uzaqda idi.
Luiz Neqreyros əlini saata elə bir sifətlə uzatdı ki, mən onu izah etməyi bacarmaram. Nə saat, nə də zənciri onun deyildi, heç onun tanıdığı adamların da deyildi. Nəsə tapmacalı oyun oynanılırdı. Luis Neqreyrosun şifrəli tapmacalardan xoşu gəlirdi, tapmacaların cavabını iti zəkasıyla tapmaqda ad çıxarmışdı, lakin onun qəzet və jurnallardakı tapmacalardan xoşu gəlirdi. Belə əşyalarla olan və ya zamanla işləyən, ən əsas da konseptsiz tapmacaları Luiz Neqreyros sevmirdi.
Bu səbəbdən, və yəqin ki, oxucu özü də başa düşər, digər bəlli səbəblərdən, Klaranın əri kresloya oturub, saçını dartaraq, ayağını yerə vurub saat və zənciri acıqlı-acıqlı masanın üstünə tulladı. Bu ilk nümayişkəranə qəzəbi keçəndən sonra yenidən həmin lənətə gəlmiş əşyaları götürüb bir də baxdı. Yenə eyni şey oldu. Bir müddət əllərini qoynuna qoyub məsələni götür-qoy elədi, bütün yaddaşını qurdaladı və axırda qərara gəldi ki, Klaradan bir izahat almamış hansısa bir işə girişmək mənasız və tələsik iş olar. Beləcə arvadının yanına getdi ki, onunla danışsın.
Ardını oxu