Qızıl Saat – Maşadu di Asis

Maşadu di Asis

Maşadu di Asis

İndi sizə bir qızıl saatın hekayəsini danışacağam. Bər-bəzəkli bir zincirə taxılı, təptəzə, iri bir qol saatı var idi. Luiz Neqreyros, ona aid olmayan, heç yoldaşına da aid olmağı mümkün olmayan bu saatı evdə görəndə ağzıayrıq qalmaqda haqlı idi. Yoxsa, gözünə görünmüşdü? Elə deyildi; saat orada, yataq otağındakı masanın üstündə dururdu, elə Luizin özü kimi, bəlkə də olduğu yerdən və vəziyyətdən təəccüblənmiş halda, saat da ona baxırdı.

Luiz Neqreyros içəri girəndə Klara otaqda deyildi. Salonda oturub kitab vərəqləyirdi. Heç əri içəri girib, iltifat edərək onu öpəndə də çox fikir vermədi ona. Bu Klara gözəl qız idi, amma bir o qədər də soyuq idi, bəlkə də elə buna görə gözəl idi. Arıq, balaca bir xanım idi, boyuna baxanda uşağa oxşayırdı, kimsə yaxından gözlərinə baxsa, bilərdi ki, onun kimi qadın azdır. Halsız halda divanda uzanmış, gözləri kitabın açıq səhifələrində idi, amma təkcə gözləri, çünki fikri kitabda idi, ya başqa yerdə, heç bilmirəm. Amma görünürdü ki, fikri ərindən də, saatdan da uzaqda idi.

Luiz Neqreyros əlini saata elə bir sifətlə uzatdı ki, mən onu izah etməyi bacarmaram. Nə saat, nə də zənciri onun deyildi, heç onun tanıdığı adamların da deyildi. Nəsə tapmacalı oyun oynanılırdı. Luis Neqreyrosun şifrəli tapmacalardan xoşu gəlirdi, tapmacaların cavabını iti zəkasıyla tapmaqda ad çıxarmışdı, lakin onun qəzet və jurnallardakı tapmacalardan xoşu gəlirdi. Belə əşyalarla olan və ya zamanla işləyən, ən əsas da konseptsiz tapmacaları Luiz Neqreyros sevmirdi.

Bu səbəbdən, və yəqin ki, oxucu özü də başa düşər, digər bəlli səbəblərdən, Klaranın əri kresloya oturub, saçını dartaraq, ayağını yerə vurub saat və zənciri acıqlı-acıqlı masanın üstünə tulladı. Bu ilk nümayişkəranə qəzəbi keçəndən sonra yenidən həmin lənətə gəlmiş əşyaları götürüb bir də baxdı. Yenə eyni şey oldu. Bir müddət əllərini qoynuna qoyub məsələni götür-qoy elədi, bütün yaddaşını qurdaladı və axırda qərara gəldi ki, Klaradan bir izahat almamış hansısa bir işə girişmək mənasız və tələsik iş olar. Beləcə arvadının yanına getdi ki, onunla danışsın.

Klara bu vaxt, zamanlı tapmacanın şifrəsini tapa bilməyən adama fikir vermədən, bir səhifəni təzəcə bitirib, yeni səhifəni laqeydcəsinə açırdı. Luiz Neqreyros onun üzünə baxdı, gözləri şimşək kimi parıldayırdı.

      – Nolub sənə? – deyərək, eşidən hərkəsi heyran edən şirin və nəvazişli bir səslə gənc xanımı soruşdu.

Luiz Neqreyros qadının sualına cavab vermədi. Bir müddət ona baxdı. Sonra, saçlarını qarışdıra-qarışdıra salonda dövrə vurdu. Bu vaxt, gənc qız yenidən ondan soruşdu:

      – Nolub sənə?

Luiz Neqreyros düz qızın qarşısında dayanıb:

     – Nədir bu? – deyərək, cibindən o lənətə gəlmiş saatı çıxardıb qızın gözünün qabağına qoydu.

Nədir bu?  – deyə kükrəyərək bir də soruşdu.

Klara dodağını dişləyib cavab vermədi. Luiz Neqreyros bir müddət əlində saat gözlərini qadına zilləyib dayandı, Klara isə gözlərini kitabdan ayırmırdı. Dərin bir sükut çökmüşdü otağa. Luiz Neqreyros saatı yerə çırpıb bu sükutu pozdu və arvadına qışdırdı:

         – De görüm, bu saatı kim verib?

Klara yavaş yavaş gözlərini ona doğru çevirib sonra yenidən kitaba qaytararaq, dodağının altından mızıldandı:

Bilmirəm.

Luiz Neqreyros bir anlıq onu boğmaq istədi sanki, lakin özünü ələ aldı. Qadın yerindən qalxıb saatı götürdü və taburetin üstünə qoydu. Luiz Neqreyros daha özünü saxlaya bilmədi. Ona yaxınlaşıb var gücüylə qızın biləklərindən tutub dedi:

Cavab verəcəksən mənə, lənətə gəlmiş? Bu məsələni izah edəcəksən mənə?

Klara ağrı çəkdiyini göstərən bir üz ifadəsi aldı, onda Luiz Neqreyros onun göyərmiş biləklərini dərhal buraxdı. Başqa vaxt olsaydı, yəqin ki, Luiz Neqreyros onu incitdiyinə görə diz çöküb ondan üzr istəyərdi. Amma indi, bu heç ağlına da gəlmirdi; qızı otağın ortasında qoyub yenidən acıqlı-acıqlı dövrə vurmağa başladı. Arada bir dayanaraq, sanki hansısa faciəvi hadisə haqqında götür-qoy edirdi.

Klara otaqdan çıxdı.

Biraz sonra evin qulluqçusu şam yeməyinin hazır olduğunu dedi.

     – Xanım hardadır?

     – Bilmirəm, cənab.

Luiz Neqreyros arvadını axtarmağa başladı. Onu arxa otaqda, hıçqıra-hıçqıra əlləriylə üzünü tutmuş, alçaq bir stulda oturuqlu halda tapdı. İçəri girib ardınca qapını bağlayarkən çıxartdığı səsi eşidən Klara başını qaldıranda, Luiz Neqreyros onun nəmli gözlərini gördü. Bu vəziyyət məsələni otaqdakından da betər elədi, çünki, Luiz Neqreyrosun ürəyi dözmürdü bir qadının ağlamağına, ələlxüsus da öz arvadının ağlamağına. Onu öpüb gözyaşlarını silmək istədi, lakin özünü saxladı və soyuq şəkildə qadına yaxınlaşdı; bir stul götürüb Klaranın qarşısında əyləşdi.

Gördüyün kimi, sakitəm, həmişəki kimi mənə düzünü de! Mən səni ittiham eləmirəm, nə də səndən       şübhəm var. Sadəcə olaraq bilmək istəyirəm ki, o saat orda necə peyda olub. Bəlkə atanındır, orda unudub?

Yox.

Bəs onda…

Uff! Məndən heçnə soruşma! – deyə Klara qışqırdı. – O saatın ora necə gəldiyindən heç xəbərim də yoxdur…Heç bilmirəm kimindir…əl çək məndən!

 – Bəsdir daha! – deyərək Luiz Neqreyros yerindən qalxıb, stulu yerə çırparaq bağırdı.

Klara yerində titrəməyə başladı. Vəziyyət getdicə qəlizləşir, Luiz Neqreyros isə daha da özündən çıxır, gözlərini elə bərəldirdi ki, az qala yerindən çıxıb bədbəxt arvadının üstünə düşəcək. Arvadı isə dirsəklərini büküb əlləriylə başını tutaraq gözlərini divara zilləyirdi. Hardasa bir on beş dəqiqə bu vəziyyətdə qaldılar. Luiz Neqreyros yenidən arvadını sorğu sual eləməyə hazırlaşırdı ki, bu vaxt qışqıra-qışqıra pilləkənlə yuxarı çıxan qayınatasının səsini eşitdi:

Ey, Luiz! Kələkbaz!

Budur, atan gəlir! Sonra əvəzini çıxacam! – dedi Luiz.

Qayınatasını qarşılamaq üçün arxa otaqdan çıxdı. O isə, çətirini əlində fırladaraq artıq salonun ortasına qədər gəlib az qala güldan və şamdanları qıracaqdı.

– Yatırdınız? – deyə cənab Meyreles çətiri atıb alnını qırmızı bir dəsmalla silərək soruşdu.

– Xeyr, cənab, söhbət edirdik…

– Söhbət edirdiniz?…–deyə Meyreles təkrarladı. – Mübahisə edirdiniz…-deyə əlavə etdi.

– Əslində şam edəcəyik, – dedi Luiz Neqreyros. – Bizimlə yeyərsiniz?

– Elə ona gəlmişəm, deyə Meyreles vurğuladı. Bu gün də, sabah da sizdə yeyirəm. Düzdür, məni dəvət eləməmisən amma, fərqi yoxdur.

– Dəvət etməmişəm?

– Hə, sabah ad günün deyil?

– Aa! Doğurdan!…

Dilxor bir səs tonuyla deyilən bu sözlərdən sonra, Luiz Neqreyrosun eyni şeyi təkrar eləməyi üçün nəsə bir müəyyən səbəbi yox idi, lakin bu dəfə o eyni sözləri qeyri-adi şən bir əhval ruhiyyədə dedi:

Aa! Doğurdan!…

Artıq dəhlizdəki asılqandan çətirini asan Meyreles çəkinə çəkinə, sifətindən ən səmimi, ani və izaholunmaz sevinc oxunan kürəkəninə doğru yaxınlaşıb:

– Dəlisən sən! – dedi yavaşca.

– Gəlin yemək yeyək, deyə kürəkən hündürdən səslənib otağa keçdi, Meyreles isə dəhlizdən keçib yemək zalına getdi.

Luiz Neqreyros  arxa otağa arvadının dalınca getmişdi, arvadı güzgünün qabağında ayaqüstə saçlarını darayırdı.

– Təşəkkür edirəm, dedi.

Qızcığaz təəccüb içində ona baxırdı.

– Təşəkkür edirəm, deyə Luiz Neqreyros təkrar elədi: Çox sağol və məni bağışla!

Bunları deyərkən Luiz Neqreyros onu qucaqlamaq istədi, lakin qızcığaz ərinin nəvaziş cəhdinə vüqarla üz çevirib, yemək otağına getdi.

– Haqlısan! – deyə dodağının altında mızıldandı Luiz Neqreyros.

Bir qədər sonra, hər üçü yemək masasında idilər. Yeməyə sup var idi və Meyrelesə görə yemək buz kimi idi, bu da təbii idi. O, qulluqçuların səriştəsizliyindən danışmağa başlayacaqdı ki, Luiz Neqreyros bütün günahın özündə olduğunu etiraf elədi, çünki yemək çoxdan masaya qoyulmuşdu. Bu açıqlama təkcə söhbətin mövzusunu dəyişdi, yeməyin təkrar isidilməsi kimi bərbad bir şey haqqında danışmağa başladılar – qui ne valut jamais rien.[1]

Meyreles şən, zarafatcıl, bəlkə də yaşına görə həddindən artıq lağlağı adam idi, lakin yenə də çox maraqlı şəxs idi. Luiz Neqreyros onu xoşlayırdı və bu qohumluq və yoldaşlıqdan yaranan sevginin qarşılığını da görürdü, hətta o qədər bir-birlərini yaxşı tanıyırdılar ki, Meyreles qızını ona olduqca gec həm də istəmədən vermişdi. Onların nişanlılıq dövrü 4 il çəkmişdi, Klaranın atası evlilik məsələsini yoluna qoymaq üçün düz iki il plan qurmuşdu. Deyirdi ki, kürəkəninin hərəkətlərinə görə qızının gözyaşlarına baxmayaraq, axırda o, qərar verdi.

Uzun çəkən qərarsızlığın səbəbi Luiz Neqreyrosun biraz sərt xasiyyətinin olması idi. Nişanlılıq dövründə olmayan, lakin daha əvvəllər olan və sonralar da ortaya çıxa biləsi xasiyyətləri. Meyreles sadəlöhvcəsinə etiraf edirdi ki, o, nümunəvi ər olmayıb. Elə bu səbəbdən də öz qızına özündən daha yaxşı bir ər tapmalı olduğunu fikirləşirdi. Luiz Neqreyros qaynatasının narahatçılıqlarıyla razılaşmırdı; köhnənin çılğın aslanı, indi ələbaxan quzuya dönüb. Qaynata və kürəkən arasında səmimi bir dostluq yaranmışdı, Klara isə şəhərin getdikcə daha çox həsəd aparılan qızlarından birinə çevrilmişdi.

Onu başdan çıxartmaq istəyənlərin çoxluğuna baxanda, Luiz Neqreyros çox ləyaqətli adam idi ki,. Bəzən şeytan bir dostunun cildinə girib ona keçən günlərdən bir xatirə qoymağa dəvət edirdi. Lakin, Luiz Neqreyros özünün yaxşı ad-sanı olduğunu və bunu hansısa əyri-üyrü məsələlərlə təhlükəyə atmaq istəmədiyini deyirdi.

Klara öz ərini səmimi qəlblə sevirdi və o dövrdə Rio-de-Janeyroda yaşayan fanilərin ən itaətkarı və mehribanı idi. Onların arasında heç vaxt kiçik narazıçılıq belə olmamışdı. Ər-arvad arasındakı ab-hava həmişə yaxşı idi və elə görünürdü ki, hələ çox belə qalacaq. Bəs bu nə duman belə, onların üstünə ilk dəfə çökmüşdü?

Yemək vaxtı Klara demək olar ki, kəlmə kəsmədi, qısa sözlərlə və əhvalsız danışırdı. Qızının belə dinməzliyini görəndə “Bir birlərinə acıqlıdırlar, o yanı bu yanı yoxdur” deyə Meyreles fikirləşdi. “Ya da təkcə qız ona acıqlanıb, çünki oğlan şən görsənir

Əslində, Luiz Neqreyros heç qarşısındakına belə baxmayan yoldaşına qarşı hər şeyi çox nəzakətlə, nəvazişlə və xoşluqla edirdi. Əhvalını düzəldəsi bir açıqlama almaq üçün öz yoldaşı ilə başbaşa qalmaq istəyən ər, artıq qaynatasının getməyini istəyirdi. Klara isə bunu istəyənə oxşamırdı, azca yeyib və iki-üç dəfə dərindən köks ötürdü.

Artıq görünürdü ki, edilən bütün cəhdlərə baxmayaraq yemək əvvəlki günlərdəki kimi deyildi. Ən çox Meyreles özünü narahat hiss edirdi. Məsələ evdə hansısa hadisənin baş verməsi deyildi; o, fikirləşirdi ki, necə ki, çətin günlər olmadan xoş günlərin gəlmir, eləcə də söz-söhbətsiz evdə xoşbəxtlik də ola bilməz. Lakin, qızının bikef olmağı həmişə onun yaralı yeri idi.

Yeməkdən sonra kofe gələndə, Meyreles onlara, birlikdə teatra getməyi təklif etdi. Luiz Neqreyros sevinclə bu təklifi qəbul etdi, lakin Klara laqeydliklə bundan imtina etdi.

       – Bu gün səni başa düşmürəm, Klara, deyə hövsələsi tükənən ata dilləndi. Ərinin kefi yerindədir, sən

         isə gözümə belə bikef, nigaran dəyirsən. Nolub sənə?

Klara cavab vermədi; Luiz Neqreyros nə deyəcəyini bilmədiyindən, yeməklə oynamağa başladı. Meyreles çiyinlərini çəkib:

        – Özünüz bilərsiniz, dedi. – Əgər, sabah da belə olsanız, heç kölgəmi də görməyəcəksiniz bir də,  

       sözümün üstündəyəm.

      – Eh! Görüşmək lazımdır, deyə Luiz Neqreyros davam etmək istəyirdi ki, yoldaşının hıçqırıqları sözünü

kəsdi.

Və şam yeməyi beləcə kədərli və naxoş keçdi. Meyreles kürəkənindən nə baş verdiyini açıqlamağı xahiş etdi, o isə, hər şeyi daha münasib vaxtda danışacağını dedi.

Az sonra Klaranın atası, əgər sabah da gəlib onları bu cür görsə, bir də onların evlərinə gəlməyəcəyini deyərək iradını təkrarladı, soyuq və ya isidilmiş yeməkdən daha pis bir şey varsa, onun pis bişmiş yemək olduğunu dedi. Bu aksioma Bualunun[2]aksiomasına[3]bərabər idi, lakin heç kim ona fikir vermədi.

Klara otağına çəkildi, əri isə qaynatası ilə vidalaşan kimi onun yanına getdi. Yoldaşı yataqda başını yastığa söykəyib hıçqırıqlar içində ağlayırdı. Luiz Neqreyros onun qarşısında diz çöküb əlini ovcuna alaraq:

    – Klara, bağışla məni, dedi. Artıq saatın hardan gəldiyini bilirəm; əgər atan mənə sabah yeməyə  

      gələcəyini deməsəydi, mən başa düşməzdim ki, saat sənin adgünümə hədiyyəndir.

Ərinin bu sözlərini eşitcək qızın acıqlı bir ifadəylə necə ayağa qalxdığını mən təsvir edə bilmirəm. Luiz Neqreyros heçnə başa düşmədən ona baxdı. Qızcığaz bir kəlimə də demədi, otaqdan çıxıb öz kədərli həyat yoldaşını heç vaxt olmadığı qədər təəccüb içində qoydu.

Axı bu nə sirrdir belə?” deyə, Luiz Neqreyros öz-özünə soruşurdu. “Əgər adgünüm üçün hədiyyə deyilsə, onda bu cür saatın necə açıqlaması ola bilər axı?

Vəziyyət yeməkdən əvvəlki kimi idi. Luiz Neqreyros hər şeyi həmin gecə aydınlaşdırmağı qərara aldı. Bu arada fikirləşdi ki, məsələyə yetişkin insan kimi baxmaq daha uyğundur və qəti bir çözüm tapmaq qərarına gəldi. Bu məqsədlə, o, öz iş otağına keçib orada hər şeyi, evə girdiyi andan etibarən hər şeyi yadına salmağa başladı. Soyuqqanlılıqla hər şeyin səbəbini, baş verən hadisələri götür-qoy elədi, bütün axşamı yoldaşının üzündə olan ifadəni fikrində canlandırdı. Acıqlanmağı, arxa otaqda onu qucaqlamaq istəyərkən qəfildən dartınmağı qızın lehinə idi, lakin saatı ona göstərdiyi vaxt dodaqlarını dişləməyi, masada tökdüyü gözyaşları və ən əsas da bu lənətə gəlmiş əşya ətrafında baş verənlərlə bağlı öz səssizliyini qorumağı, bütün bunlar qızın əleyhinə idi.

Luiz Neqreyros, çox götür-qoydan sonra daha da kədərli və acınacaqlı fərziyyələrə yönəldi. Pis bir fikir onun bütün ruhunu drel kimi deşməyə başladı, elə dərinlərinə işlədi ki, qısa zamanda onu dəliyə döndərdi. Vəziyyət bunu tələb edəndə Luiz Neqreyros çox qəzəbli bir adam olurdu. İki-üç təhdidkar sözdən sonra otağından çıxıb arvadının yanına getdi.

Klara yenə otaqda idi. Qapı demək olar ki, bağlı idi. Axşam saat doqquz idi. Kiçik bir lampa otağı az-maz işıqlandırırdı. Qızcığaz yenə də yatağa söykənmişdi, lakin bu dəfə ağlamırdı; gözlərini döşəməyə zilləmişdi. Ərinin içəri girdiyini hiss edəndə belə heç üzünü qaldırmadı.

Bir anlıq sükut çökdü. Birinci danışan Luiz Neqreyros oldu.

        – Klara, bu an çox əhəmiyyətlidir, dedi. Günortadan bəri səndən soruşduğum suala cavab ver!

Gənc qadın cavab vermədi.

        – Yaxşı fikirləş, Klara, deyə əri davam elədi. Öz həyatını təhlükəyə ata bilərsən.

Arvadı çiyinlərini çəkdi.

Luiz Neqreyrosun gözlərini duman bürüdü. Bədbəxt kişi əllərini arvadının boğazına atıb qışqırmağa başladı.

           – Cavab ver, lənətə gəlmiş, yoxsa öləcəksən!

Klara birdən çığırmağa başladı.

         – Dayan!

Luiz Neqreyros geri çəkildi.

       – Öldür məni, dedi qadın, ancaq əvvəlcə bunu oxu! Poçtalyon mənə dedi ki, bu məktubu sənin  

       ofisinə aparanda, səni orda tapmayıb.

Luiz Neqreyros məktubu götürüb, lampanın yanına getdi və keyimiş halda bu sətirləri oxudu:

“Balaşkam. Sabah ad günün olduğunu bilirəm. Bunu sənə xatirə kimi göndərirəm.

 Sənin balaşkan.”

 

Qızıl saatın hekayəsi beləcə bitir.

 

[1]un dîner réchauffé ne vaut jamais rien. fransızca:  isidilmiş yemək daha əvvəlki deyil

[2]Nicolas Boileau, fransız şair

[3]Dərk etdiyimiz şeyi yaxşı izah edirik (ce que l’on conçoit s’énonce clairement)

 

Əsərin original adı: O relógio de ouro, Machado de Assis
Portuqal dilindən tərcümə: Əfqan Xəlilli (Traduzido de português para azeri por Afgan Khalilli)

%d bloqqer bunu bəyənir: