Mütləq Oxumalı Olduğunuz 15 İbero-Amerikan Müəllif

Dünyada, o cümlədən ölkəmizdə bir çox insanın İspaniya və Latın Amerikası ölkələrinə qarşı qəribə bir simpatiyası, böyük bir marağı var. Bir çox insan ömründə ən az bir dəfə də olsa, ispan dili öyrənməyə çalışır. Lakin bu sevginin, pərəstişin içi intelektual bilgilərlə doldurulub, dəstəklənməsə, bir müddət sonra əriyib gedir. Belə ki, bir bölgənin dilini, mədəniyətini, tarixini, ədəbiyatını vs. bilmədən ona sevgi bəsləmək olduqca platonik səslənir.

Halbuki, həm İspaniya həm Latın Amerikası ölkələrininin ədəbiyatlarından elə əsərlər çıxmışdır ki, onları oxuduqca həmin sevgi hissi başqa hisslərlə qarışaraq tamam fərqli pəncərələri açmağımıza səbəb olur. Sözü çox uzatmadan, mütləq oxumalı olduğunuzu düşündüyümüz 15 ibero-amerikan müəllifi sizə təqdim edirik.

 

  1. Qabriel Qarsiya Markes (Gabriel García Márquez, 1927-2014)

Latın Amerikası Ədəbiyatı dedikdə ilk ağla gələnlərdən olan kolumbiyalı yazıçının “Yüzillik Tənhalıq” (Cien años de soledad) əsəri artıq illərdir ki, tövsiyə olunan kitablar siyahısında daima üst sıralarda öz yerini qoruyur. Markezin bir neçə hekayəsi Kamil Zeynalov tərəfindən ispan dilindən tərümə edilsə də,  “Taun zamanı eşq” (El amor en los tiempos del cólera), “Kədərli fahişələrimdən qalan xatirələr” (Memoria de mis putas tristes), “Polkovnikə yazan yoxdur” (El coronel no tiene quien le escriba) kimi bir çox romanı azərbaycanlı oxuculara təqdim edilsə də, əsərlərin heç biri ispan dilindən edilməmişdir.

 

  1. Kamilo Xose Sela (Camilo José Cela, 1916-2002)

Müasir İspan Ədəbiyatının ən öncül simalarından, 1989-cu ildə Ədəbiyatı üzrə Nobel mükafatına layiq görülmüş Kamilo Xose Sela, həyatı bütün çılpaqlığı ilə özünəxas üslubla təsvir etmişdir. Ən məşhur əsərlərindən olan “Paskal Duartenin Ailəsi” (La famlilia de Pascal Duarte) əsəri İspan Ədəbiyatının klasikalarından birinə çevrilmişdir. Bu əsər otuzdan artıq xarici dilə tərcümə edilməklə, Kamilo X. Selanı Servantesdən sonra ən məşhur ispan yazıçıya çevirmişdir. “Paskal Duartenin Ailəsi” əsəri Saday Budaqlının rus dilindən tərcüməsi ilə 2015-ci ildə “Xəzər” jurnalında yayımlanmışdır.

 

  1. Miqel de Unamuno (Miguel de Unamuno, 1864-1936)

İspaniyanın imperiya olaraq son dövrlərini yaşadığı illərdə cəmiyətdəki ruh düşkünlüyünü, insanın özünü və həyatı sorğulamağını fəlsəfi bir üslubla əsərlərində uğurla tətbiq edən Miqel de Unamuno, XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılır. O, müxtəlif dövlərdə Salamanka Universitetinə üç dəfə rektorluq etmiş, İspaniyanın siyasi-idarə şəkli ilə bağlı müxtəlif fikirlərlə mətbuatda çıxış etmişdir. Hətta mətbuatdakı məqalələrinə görə hökümət tərəfindən təqiblərə məruz qalmışdır. Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır. Unamuno bir çox hekayə və esselərin müəllifi olmaqla yanaşı, “Duman” (Niebla), “Abel Sançes” (Abel Sánchez) və “Tula xala” (Tía Tula) adlı romanları ilə də məşhurdur. “Günbatımı Əfsanəsi” adlı essesi Saday Budaqlı tərəfindən rus dilindən, “Nifrətdən Mərhəmətə” adlı hekayəsi isə Əfqan Xəlilli tərəfindən ispan dilindən tərcümə edilmişdir. Bundan başqa “Velaskesin İsası” (El Cristo de Velázquez), “Kastiliya” (Castilla) və “Yat, mənim ruhum” (Duerme, alma mía) şeirləri Səxavət Sahil tərəfindən ispan dilindən tərcümə edilmişdir.

Qeyd etmək yerinə düşər ki, Miqel de Unamunonun “Abel Sançes” romanı ispan dilindən tərcümə ilə yaxın günlərdə oxuculara təqdim ediləcək.

 

  1. Xorxe Luis Borxes (Jorge Luis Borges, 1899-1986 )

Nəyinki Latın Amerikası, hətta XX əsr Dünya Ədəbiyatı klassiklərindən sayılan Borxes, magik-realizm ədəbi axımın da öncüllərindən biridir. Yazdığı yüzlərlə heyakələr bu gün də oxucular üçün aktual olmağa davam edir. “Uydurmalar” (Ficciones), “Əlif” (El Aleph), “İnkvizisiyalar” (Inquisiciones), “Ümidimin ölçüsü” (El tomaño de mi esperanza) “Qum saatı” (La hora de arena) kimi əsərləriylə dünya ədəbiyatında öz yerini tutan yazıçının, əsasən rus dilindən tərcümə edilmiş hekayələri tez-tez azərbaycandilli internet portallarında oxuculara təqdim edilir. Əsasən türk və rus dillərindən tərcümələr edən Nəriman Əbdürrəhmanlı, müəllifin “Qum saatı” və bir neçə “Seçilmiş Əsərlərini” 2014-cü ildə oxuculara təqdim etmişdir.

 

  1. Oktavio Pas (Octavio Paz, 1914-1988)

1990-cı ildə Ədəbiyat üzrə Nobel Mükafatına layiq görülmüş, meksikalı məşhur şair, yazıçı əsərlərində humanist dəyərlərə böyük önəm vermişdir. Əsasən şeirləriylə tanınsa da, yazdığı esselər Latın Amerikası sərhədlərini də aşaraq, bütün ədəbiyat sevərlərin diqqətini özünə cəlb edə bilmişdir. “Tərcümə etmək ən dərin və anlama prosesidir” kəlamıyla tərcüməçilərin qəlbində özəl yeri olan Oktavio Pas, təəssüf ki, azərbaycanlı oxucular arasında geniş tanınmır. Cavanşir Yusiflinin fransız dilindən tərcümə etdiyi bir neçə şeiri “Ədəbiyat Qəzetində”, Rüfət Əhmətzadənin ingilis dilindən tərcümə etdiyi “Dalğalarla keçən ömrüm” (Mi vida con la ola) hekayəsi və Səlim Babullaoğlunun yenə üçüncü dillərdən etdiyi müxtəli kiçik həcmli şeirlər internetdə müxtəlif portallarda yayımlanmışdır. Dilimizə tərcümə edilməyən “Tənhalıq Labirinti” (El laberinto de la soledad), “Günəş Daşı” (Piedra del Sol), “Salamandra” kimi şeirlər toplusu şairin məşhur kitablarındadır.

 

  1. Maşadu di Asis (Machado de Assis, 1839-1908)

Braziliya ədəbiyatının klassiklərindən olan Joakim M. Maşadu di Asis roman, teatr, qısa hekayələrdə adını əbədiləşdirmiş yazıçılardandır. “Əl və əlcək” (O mão e a luva), “Elena” (Helena), “Dəli həkimi” (O Alienista) vs kimi əsərləri oxucuların rəğbətini qazanmışdır. Onun yazdığı qısa hekayələr bu gün qısa filmlərə ilham qaynağıdır. Təəssüf ki, indiyə qədər azərbaycanlı oxucuya ana dilimizdə əsərləri təqdim edilməmişdir. 2018-2019-cu illər nəşr olunacaq kitablar siyahımıza “O Alienista” (Dəli həkimi) əsərinin də olduğunu qeyd etmək yerinə düşər.

 

  1. Miqel Anxel Asturias (Miguel Ángel Asturias, 1899-1974)

1967-ci ildə Ədəbiyatı üzrə Nobel mükafatı alan qvatemalalı yazıçı öz əsərlərində yanlış siyasətin yerli əhali, kəndlilər üzərindəki mənfi təsirlərini özünəxas üslubda oxuculara çatdırmaqla məşhurlaşmışdır. Yazıçının “Cənab Prezident” (El Señor Presidente), “Bastırılmışların Gözləri” (Los ojos de los enterrados), “Qvatemala Əfsanələri” (Leyendas de Guatemala) vs kimi əsərləri hələ də digər dillərə tərcümə edilərək yayımlansa da, təəssüf ki, azərbaycan dilinə hələ heç bir tərcümə edilməmişdir.

 

  1. Jorje Amadu (Jorge Amado, 1912-2001)

Braziliya Ədəbiyatının digər görkəmli nümayəndəsi Jorje Amadu ölkəsində modernist üslubun öncüllərindəndir. Özünəməxsus tərzdə yazdığı əsərləri sayəsində o, digər dillərə ən çox tərcümə edilən braziliyalı müəlliflərdəndir. Onun əsərləri bir çox filmə, teatr əsəri və televiziya tamaşalarına ilham qaynağı olmuşdur. Portuqal dilindən tərcümə edilməsə də, “Qum dəryasının kapitanları” (Capitães de areia), “Möcüzələr dükanı” (Tenda dos milagres), “Zolaqlı Pişik və Göycə Qaranquş” (O gato Malhado e a andorinha Sinhá) və “Piranyansda möcüzə” (O milagre dos pássaros) əsərləri İlqar Əlfioğlu tərəfindən 2007-ci ildə rus dilindən tərcümə edilərək azərbaycanlı oxuculara təqdim edilmişdir.

 

  1. Karlos Fuentes (Carlos Fuentes, 1928-2012)

Meksikanın dünya ədəbiyatına bəxş etdiyi bir digər önəmli yazıçı Karlos Fuentesdir. Yazıçılıqdan başqa, diplomat və akademik kimi də müasir Latın Amerikası fikir dünyasında əhəmiyətli şəxsiyət kimi özünü təsdiq etmişdir. Onun məşhur “Terra Nostra” (Bizim Torpaq), “Yaşlı Qrinqo” (Gringo viejo), Artemio Kruzun ölümü (La muerte de Artemio Cruz) vs. kimi səsgətirən əsərləri başda olmaqla heç bir əsəri, təəssüf ki, dilimizə tərcümə edilməmişdir.

 

  1. Barqas Yosa (Mario Vargas Llosa, 1936)

İspan dilinin fonetikası, azərbaycan dilinin orfoqrafiya qaydaları ucbatından bu müəllifin adının düzgün yazılışı uzun müddət müzakirələrə səbəb olmuşdur. Müasir dünya ədəbiyatında sayğın yerlədən birini tutan perulu yazıçı Barqas Yosa, 2010-cu ildə Ədəbiyat üzrə Nobel Mükafatını aldıqdan sonra ölkəmizdə də bir çox ədəbiyatsevərin diqqətini çəkmişdir. Müəllifin əsərlərinin heç biri ispan dilindən tərcümə edilməsə də, bir neçə hekayəsini rus dilindən Seyfəddin Hüseynli, Nəriman Əbdürrəhmanlı və Qismət oxuculara təqdim etmişdir. Lakin, “Şəhər və itlər” (La cidudad y los perros), “Yaşıl ev” (La casa verde), “Nağılbaz” (El Hablador), “Kafedralda Söhbət” (Conversación en la Catedral) kimi əsərləri təəssüf ki, dilimizə tərcümə edilməmişdir.

 

  1. Xulio Kortasar (Julio Cortázar, 1914-1984)

Latın Amerika Ədəbiyatı dedikdə ağla gələn ilk müəlliflərdən biri də Xulio Kortasardır. Hələ sovet illərindən bəri azərbaycanlı oxucuların tanış olduğu argentinalı müəllif öz istedadı ilə ədəbiyatsevərlərin yaddaşında özünə xüsusi yer tuta bilib. Lakin çox təəssüf ki, onlarla hekayə, roman, teatr əsəri, hekayə müəllifi olan Xulio Kortasarın əsərlərinin əksəriyəti hələ də dilimizə ispan dilindən tərcümə edilməyib. Kamil Zeynalovun ispan dilindən tərcümə etdiyi, “Mıxlanmış qapı” (La puerta condenada) və “Dostlar” (Los amigos) hekayələri isə 2015-ci ildə “Yazı” jurnalında dərc edilmişdir. Onun məşhur “Rayuela” əsəri isə “Xana-Xana oyunu” adı ilə türk dilindən tərcümə edilmişdir. Bundan başqa, rus və ingilis dillərindən tərcümə edilmiş müxtəlif hekayələri tez-tez internet portallarında nəşr edilir.

 

  1. Eduardo Qaleano (Eduardo Galeano, 1940-2012)

Uruqvaylı məşhur yazar Eduardo Qaleano özünəməxsus tərzdə yazdığı esseləri, hekayələri ilə olduqca məşhurdur. Əsərlərində tarixi sənədlər, qurğu bir köşə yazarı üslubuyla elə gözəl işlənmişdir ki, yazıçının təhlillərindən oxucu yorulmur. Ona dünya şöhrəti gətirən əsərlər isə “Latın Amerikasının kəsik damarları” (Las venas abiertas de América Latina), Alovun Yaddaşı (Memeria del fuego) əsərləriylə yanaşı onlarla esse kitablarıdır. Onun bütün əsərlərində mütləq tarixə bir vurğu tapmaq mümkündür. İspan dilindən Əfqan Xəlillinin etdiyi bir neçə tərcüməsi xaricində, təəssüf ki, heç bir əsəri azərbaycanlı oxuculara təqdim edilməmişdir. “Hispaniya” nəşriyatının verdiyi məlumata əsasən, Eduardo Qaleanonun əsərlərinin azərbaycan dilində yayım haqları çoxillik müqavilə əsasında əldə edilmiş, və önümüzdəki aylarda silsilə tərcümələr oxuculara təqdim ediləcək.

 

  1. Orteqa i Qasset (José Ortega y Gasset, 1883-1955)

Ailə keçmişinə bağlı olaraq, kiçik yaşlarından etibarən İspaniyanın bütün siyasi-iqtisadi vəziyətini müşahidə edən, bir çox intelektualın fikri ilə yaxından tanış olaraq hadisələri analiz edən, məşhur ispan filosofu Xose Orteqa i Qasset, azərbaycan intelektuallarının tanıdığı, lakin geniş kütlələrin tanımadığı bir şəxsiyətdir. Ekzistensialist fikirləriylə bir çox elm adamına təsir etmiş Orteqa i Qasset, A. Kamüyə görə “Nitsşedən sonra ən böyük avropalı filosof” olmuşdur. İspan İmperiyasının çöküşü, diktatoralar, respublika və monarxiya arasında çəkişmə, ispan vətəndaş müharibəsi kimi İspaniya tarixinin son yüz ildəki əhəmiyyətli hadisələrini müşahidə və mühakimə edərək, cəmiyət haqqında yüzlərlə esse yazmışdır. Azərbaycanlı oxuculara maraqlı mövzulardan bəhs edən, “Kütlələrin üsyanı” (La rebellion de las masas), “Onurğasız İspaniya” (España invertebrada), “Dövrümüzün məsələsi” (El tema de nuestro tiempo), “İnsan və Topluluq” (El hombre y la gente) kimi Orteqa i Qasset əsərləri təəssüf ki, hələ də dilimizə tərcümə olunmamışdır.

 

  1. Miqel Delibes (Miguel Delibes, 1920-2010)

İspaniya vətəndaş müharibəsi sonrası ədəbiyatın ən parlaq nümunələrindən hesab edilən Miqel Delibes, müharibə sonrası ispan cəmiyətini, əyalət həyatını axıcı bir üslubda oxuculara çatdıra bilmişdir. 2016-cı ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşəbbüsü ilə Saday Budaqlının rus dilindən tərcüməsi ilə “Seçilmiş Əsərləri” adı ilə oxuculara təqdim edilmişdir. Lahiyə çərçivəsində kitab onlayn olaraq da yayımlanmaqdadır. Qeyd edilən kitabda “Sərsəm” (El Loco), “Altmış yaşlı həyat aşiqinin məktubları” (Cartas de amor de un sexagenario voluptuoso), “Taxtdan salınmış şahzadə” (El principe destronado), “Dəfinə” (el Tesoro) adlı dörd romanı nəşr edilmişdir. Miqel Delibesin digər məşhur romanları sırasında “Kafir” (El hereje), “Günahsız əzizlər” (Los santos inocentes), “Beş saat Mario ilə” (Cinco horas con Mario) və “Siçovullar” (Las ratas) romanlarını göstərə bilərik. Qeyd edilən bu əsərlər isə dilimizə tərcümə edilməmişdir.

 

  1. Joze Saramaqu (José Saramago, 1922-2010)

Görkəmli portuqal yazıçı Joze Saramaqu 1998-ci ildə Ədəbiyat üzrə Nobel mükafatını almazdan əvvəl artıq bir çox oxucu bilirdi ki, o, mütləq bu mükafatı alacaq. Əsərlərin real səhnələrlə və surreal fantaziyalarını o qədər ustalıqla birləşdirir ki, heyran olmamaq mümkün olmur. “Isaya Məsihə görə İncil” (O evangelho segundo o Jesus Cristo), “Lissabon mühisərəsinin tarixi” (História do cerco da Lisboa), “Korluq haqqında esse” (Ensaio sobre a cegueira) və “Aydınlıq haqqında esse” (Ensaio sobre a lucidez) kimi əsərləri oxucular tərəfindən müsbət dəyərləndirilmişdir. Nadir Qocabəyli tərəfindən türk dilindən “Korluq” adı ilə azərbaycan dilinə tərcümə edilmiş “Ensaio sobre a cegueira” əsəri əsasında 2008-ci ildə braziliyalı rejissor Fernando Meyreles “Korluq” (Blindness) adlı film çəkmişdir. Joze Saramaqunun digər əsərləri dilimizə tərcümə edilməmişdir.

 

www.hispaniya.com

%d bloqqer bunu bəyənir: