Nifrətdən Mərhəmətə – Miqel de Unamuno
Toribionun Madridə həmin səfəri bərbad səyahət olmuşdu. Kənddə ona nə qədər əziyyət vermiş həmin o Kampomanesin alçaq sifətini ağlından çıxarda bilmirdi. Kampomanes! Bütün mənfi şeylər onda cəmlənmişdi. Toribio nifrət etdiyi bütün vulqar keyfiyyətləri ona aid edir, onun xainliyinə, pisniyyətinə güvənməməkdən isə zövq alırdı. Gözünü qırpmadan “Xain? Pisniyyətli Kampomanes? Çox istəyərsən elə, alçaqsan, başqa heçnə!” deyirdi.
Əlcəklərini götürüb taxmaq istəyirdi, lakin sonradan “Kampomanes də belə əlcəklərdən geyinir…Yekəxana görünəcəm…” deyə fikirləşib onları taxmadı.
Onunla, xəyalında canlandırdığı Kampomanesin ləyaqətsiz şəkli ilə, Madridə gəldi.
Həmin axşamüstü köhnə kafeyə getdi. Orada hər şeydən danışaraq, bütün qəm-qüssələrini unudub, Kampomanesi yadından çıxardacaqdı.
O, kafeyə çatanda dostları hələ gəlib çıxmamışdılar. Yandakı masada puro çəkən bir kişi tək oturmuşdu. Toribio onu süzərək, Kampomanesi fikirləşdi.
Onun və qonşusunun dostları gəlib çıxdılar, hər iki masada, bəşəri və ilahi hər şeyi bir birinə vuran kiçik bir qrup əmələ gəldi.
Toribio bu köhnə kafeyə yenə gedirdi. Demək olar ki, hər gün hamıdan qabaq gedir və yenə həmişə təkcə oturub puro çəkən həmin qonşusunu yan masada görürdü. Ona qarşı kəskin antipatiya hiss edirdi ki, bu sonradan kəskin bir nifrətə çevrildi. Onu tanımırdı, kim olduğunu, nəçi olduğunu da bilmirdi heç. Nə elədiyini, nə danışdığını, onun haqqında heçnə bilmirdi, o, Toribio bircə bunu bilirdi ki, ondan bütün ruhu ilə nifrət edir.
“Tanrım, bu adam mənə niyə naharatçılıq verir axı?” – deyirdi öz-özünə. Öz nifrətini əsaslandırıb haqlı çıxartmaq üçün də, onun nə elədiyinə heç fikir belə vermədən, min cür bəhanə tapırdı. “Necə ədəbaz ədəbaz puro çəkişi var! Necə də vecsizlik var baxışlarında! Nə səfeh sifəti var! Geyiminin axmaqlığına bax! Mənə necə də baxır..Məndən iyrənir…başa düşdük!” Ancaq bunların hamsı yalan idi və Toribio da bunu bilirdi; o, elə də təkəbbürlü deyildi, nə laqeydliyi var idi, nə elə sir-sifətli idi, nə də az-maz kimdənsə iyrənməyi.
“İçəri girəndə, heç salam da vermir!”… Heç özü də salamlaşmırdı.
Bəhanələrinin gərçək olduğunu özünə təlqin edib, qonşusunun ona nifrət elədiyinə ikna elədi özünü, bunları o qədər təkrarladı ki, axırda özü də inandı.
Kafeyə girən kimi … “Budur, ordadır! Mənə necə də baxır! Nifrət edir mənə, görünür ki, mənə nifrət edir…” deyirdi.
Dostlarına o biri haqqında pis şeylər deməyə başladı, onlara deyirdi ki, bir birlərinə nifrət edirlər, alçaldıcı jestlər, kəskin baxışlar haqqında min cür yalancıqlar uydururdu; axırda bu kiçik yalanlarına özü də inanmışdı.
Bu arada, soyuqqanlı qonşusu, Toribionun iç dünyasında nə baş verdiyini təxmin etsə də, başa düşə bilmirdi.
Bir gün, Toribio kafeyə birazca erkən getdi və ilk gördüyü şey qonşusunun onların – Toribio və dostlarının masasında oturmağı oldu.
“Özününkü boş ola ola, bizim masamızda oturub…Dava axtarır…Lakin burda kim birinci gəlirsə, masa onundur. Nolsun?! onun öz masası var, niyə orda oturmayıb?…Yox, mən gedib elə öz masamızda oturacam. Dava axtarır? Birinci başlayan odur…Aydındır! Deməli istəyir ki, onunla oturum, nəsə deyəcək yəqin…”
Nifrət etdiyi qonşusunun qarşısında, onunla eyni masada oturdu. Kofe istədi. Ofisiant gəlib Toribionun qabağındakı fincanı apardı.
Necə? Başqa masaya aparırsan? Yox, qoy qalsın burda!
Və qonşusuna baxdı.
– Elə deyil, cənab – deyərək ofisiant cavab verdi. Bu fincan istifadə edilib. Cənab Rafaellə oturan digər cənab bu fincanda kofe içmişdi.
Deməli adı Rafael imiş, nə çirkin addır!
Toribio öz kofesini içməyə başladı, ürəyi bərk çırpınırdı və nə baş verdiyini başa düşmürdü. Kofesi bitdi və bir qurtumda bir qədəh konyak içdi. Vərdişinin tərsinə bir qədəh də istədi, sonra birini də. Üzü yanırdı. Nəhayət, qonşusuna çevrilib ona dedi:
Öz masanız boş ola ola, bu gün niyə bu masada oturmusunuz?
Qonşu ona sakit sakit baxıb fikirləşdi: “Deyirdim elə, bu yazıq oğlan dəlidir”. Cavab vermədi.
Niyə bu masada oturmusunuz?
Çünki ürəyim belə istədi!
Bilmirsiniz ki, bu masa bizimdir?
Rafael sərt cavab vermək istədi, lakin fikirləşdi: “Yumşaq danışsam, daha yaxşı olar, yazıq uşaq!”
Bilirsiniz, mən gələndə, bir tanışım artıq burda idi və mən onunla oturmuşdum.
Həqiqətən belə olmuşdu.
Bəs tanışınız gedəndə, niyə bizim masamızı tərk eləmədiniz?
Toribio bir qədəh istədi yenə. Rafael ona, bir dəliyə baxırmış kimi təlaşla baxıb, cavab verdi:
Çünki sizinlə oturmaq istəyirdim…Bu qədər çox içməyin!
Bəs bunun sizə nə dəxli var?
Rafael fikirləşdi: “Ən məsləhətlisi, çıxıb getməkdir”. Ayağa durub Toribioya dedi:
Sakitləşin, lütfən!
Və getdi.
Həmin gün Toribio çox həyəcanlı idi. Necə olmasın! Dörd qədəh! Halbuki, heç vaxt birdən artıq içməzdi!
Həmin gecə elədiyini fikirləşib hərəkətindəki axmaqlığı başa düşdü. “Özümə hakim olmalıyam.”
Növbəti gün kafeyə girdi. Rafael orda idi. Bu dəfə öz masasında. Toribio ona doğru getdi. O biri də fikirləşdi: “Yenə bu dəli!”
Min cür izahat verdi, ondan üzr istədi və axırda onu evinə dəvət elədi. O vaxtdan sonra dostlaşdılar, demək olar lap yaxın dost oldular. Toribio ona Kampomanes haqqında danışırdı.
Rafaelin qızıl ürəyi var idi, həm də lap canayaxın idi.
Toribio kəndə qayıtmalı olanda, Rafael ilə sağollaşarkən qüssələndi.
Kəndinə qayıtdı və ilk qarşılaşdığı üz Kampomanesinki oldu. Çox qəribə şeydir! Heç bir zərrə qədər də nifrət hiss eləmədi ona qarşı, lap əksinə, demək olar ki qanı qaynadı. “Bədbəxt adamdır” deyə fikirləşdi.
O vaxtdan bəri, Kampomanesə qarşı olan nifrətinin dərin bir mərhəmətə necə çevrildiyini az fikirləşmədi.
Bir gün dostlarından biri ilə Madriddə gəzərkən, Kampomaneslə qarşılaşdılar. Toribio onu dostuna göstərəndə, dostu ondan soruşdu:
Bilirsən onu kimə oxşadıram?
Kimə?
Rafaelə.
Bu düz idi. Bu vaxta qədər heç diqqət etməmişdi. Əslində, diqqətini çəkmişdi, amma başa düşməmişdi.
Onda Rafaelə olan nifrəti aydınlaşdı və onda başa düşdü niyə Rafaellə dostlaşandan sonra Kampomanesə olan nifrəti ölüb. “Çox qəribədir” deyirdi, “nifrətimizin və sevgimizin əsl səbəbini şeytan aşkara çıxardır…İnsan ən qəribə məxluqdur.”
Doğurdan da, insan ruhunun çox əcaib qatları var.
Orijinal adı: Del odio a la piedad, Miguel de Unamuno
İspan dilindən tərcümə: Əfqan Xəlilli