Baxış Bucaqları – Eduardo Qaleano
I
Bayquş, yarasa, avara və oğrulara görə, alaqaranlıq səhər yeməyi vaxtıdır.
Turistlərə görə, yağış uğursuzluqdur, əkinçiyə görə bərəkət.
Yerlilərə görə, mənzərə turist deməkdir.
Karib yerlilərinə görə, lələkli sombrero* və qırmızı məxməri bürüncək geyinmiş Xristofor Kolumb, heç vaxt görmədikləri böyüklükdə bir tutuquşu idi.
II
Cənuba görə, şimalın yayı qışdır.
Bir soğulcana görə, spagetti orqiyadır**.
Hindlilər müqəddəs bir inək görəndə, kimlərsə böyük bir hamburger görür.
Hippokrat, Qalen, Maymonid və Paraselsə görə qəbzlik adlı xəstəlik var idi, lakin aclıq adlı xəstəlik yox idi.
Kardona qəsəbəsindəki qonşularına görə, yay-qış eyni paltarda gəzən Toto Zaugg, hörmətə layiq idi:
-Toto üşümür.
O, heç vaxt heç nə demirdi. O, üşüyürdü, amma paltosu yox idi.
III
Statistikaya görə, əgər bir adam min dollar, digəri isə heçnə almırsa, ümumi gəlirin adam başına düşən payına görə bu adamların hərəsi beş yüz dollar alırmış kimi görünür.
İnfiliyasıya qarşı mübarizəyə görə, tənzimləmələr yaxşı çarədir. Bu tədbirlərdən əziyyət çəkənlərə görə isə, bu tədbirlər sadəcə vəbanı, tifüs qızdırmasını və vərəmi artırır.
IV
Şərqə görə, qərbin gündüzü gecədir.
Hindistanda, yasda olanlar ağ geyinər.
Qədim Avropada, məhsuldar torpağın rəngi olan qara rəng, həyatın rəngi, sümüyün rəngi ağ rəng də, ölümün rəngi idi.
Kolumbiyanın Çoko bölgəsinin ağsaqqallarına görə, Adəm və Həvva, həmçinin oğulları Habil və Qabil zənci idilər. Qabil qardaşının nəfəsini kəsəndə, Tanrının nifrəti özünü göstərir. Allahın qəzəbi qarşısında, günahı və qorxusundan qatilin rəngi qaçıb ağappağ olur, həm də elə ağarır ki, ömrünün axırına kimi ağ qalır. Biz ağlar, hamımız Qabilin törəmələriyik.
V
Əgər İncili mürtədlər yazsaydılar, Xristianlığın ilk gecəsi necə olardı?
– Mürtədlərə görə, Hz.Yusifin kefi yox idi. Təzəcə doğulmuş İsanın samandan düzəltmə beşiyindən parıldadığı həmin tövlədə sifətini sallayan bircə o idi. Hamı gülümsəyirdi: Bakirə Məryəm, mələklər, çobanlar, qoyunlar, öküz, eşşək, şərqdən gəlmiş məcusilər və onlara Beytləhəmə qədər yol göstərmiş ulduz.
Hamı gülümsəyirdi, bircə Yusifdən başqa. O da, üzünü turşudub, donquldanmağa başladı:
-Mən qız istəyirdim.
VI
Əgər Əhdi-Ətiqi Həvva yazmış olsaydı, insanların ilk eşq gecəsi necə olardı? – Həvva, hansısa qabırğadan əmələ gəlmədiyini, ilan zad tanımadığını, heç kimə alma vermədiyini, və Tanrının ona heç vaxt əzabla doğacağını, ərinin onu idarə edəcəyini demədiyini, bunların hamsının Adəmin mətbuata uydurduğu ağ yalanlar olduğunu deməklə başlayardı.
VII
San Fransiskoda, bir stansiyada, kimsə yazmışdı ki, “əgər səsvermə nəyisə dəyişsə idi, qeyri-qanuni olardı.”
Rio de Janeyroda bir stansiyada isə başqası yazmışdı ki, “əgər kişilər doğsaydı, abort qanuni olardı”
Meşədə, zəifi yeməyi “şəhər qanunu” adlandırırlar görən?
Çirkli bir məmləkətdə, təmiz pul nə ifadə edir?
Silah satışı iqtisadiyyat üçün yaxşı xəbərdir, bəs satışın azalması necə?
VIII
Çox da uzaq olamayan keçmişdə, afina demokratiyasının salnaməçiləri qadınları və qulları nəzərə almırdı. Qullar Yunanıstan da çoxluq təşkil edərkən, əhalinin yarısı da qadınlardan ibarət idi. Görəsən, qullar və qadınlara görə afina demokratiyası necə idi?
1776-cı ildə, ABŞ-ın elan etdiyi İstiqlal Bəyənnaməsinə görə, bütün insanlar bərabərhüquqlu doğulur. Görəcəsən, elandan sonra da qul olmağa davam edən zəncilər, yarım milyonluq qullar üçün bəyənnamə nə ifadə edirdi? Bəs heç bir hüququ olmayan qadınlar üçün? Kimlər eynihüquqlu doğulurdu?
ABŞ-a görə, Vyetnam müharibəsində ölən amerikalıların adlarını Vaşinqtondakı mərmərdən düzəldilmiş böyük bir lövhəyə həkk eləmək düzgündür. İşğal zamanı öldürülən vyetnamlılara görə isə orda altmış lövhə çatışmır.
IX
İqtisadiyyata görə, silah satışı qida satışınından fərqlənmir.
Bir binanın uçmağı və ya bir təyyarə qəzası qabaqda oturanlar üçün ən əlverişsiz vəziyyət olur, ancaq onlar Ümumdaxili Məhsul İstehsalatında, ki bəzən Ümumdaxili Korrupsiya İstehsalatı da adlandırılır, ən sərfəli yerdə olurlar.
________________________________
*sombrero: kənarları uzun olan baş geyimi
**orqiya: eyş-işrət məclisi
Tərcümə: Əfqan Xəlilli
Orijinal adı: Puntos de Vista: Escuela del mundo al revés, Eduardo Galeano