Şamaxı Zəlzələsi İspan Mətbuatında (1902)

12 Mart 1902

“La Vanguardia” qəzeti, səh. 4-5, İspaniya

“La Vanquardiya” oxuyucularının bizdən öyrəndikləri Şamaxıdakı fəlakətin, hadisə barədə Tiflisdən yollanan ilkin xəbərlərdən daha da betər olduğu deyilir. Ən güclü fantaziya belə fəlakətin əsl mənzərəsini təsvir etməkdə aciz qalar.

Şamaxı bir neçə il öncəyə qədər vilayətin paytaxtı olmuş, Zaqafqaziyada yerləşən 30,000 əhalisi olan və Rusiyanın Avropadakı şəhərlərindən gələn köç sayəsində ildən ilə inkişaf edən bir şəhər idi.

Baş verən fəlakəti təsvir edə bilmək üçün Zaqafqaziyanın bu möhtəşəm məmləkətini tanımaq olduqca vacibdir.

Yerin geoloji qanunlarını bilənlər daha öncədən bildirmişdilər, amma nəticəsində müsəlman-tatar əhalinin qarşısıalınmaz həlakı, dövlət məmurlarının diqqətsizliyi də nəzərə alınmış olsa idi bu öngörümdə, bəlkə də önləm alınar, ən azından fəlakətin ölçüsü bu qədər olmazdı.

Kiçik Asiya ilə bənzərlikləri olan Zaqafqaziya klassik vulkanik hərəkətli bir bölgədir. Zəlzələsiz keçən bircə ili belə yoxdur. Bir neçə ay əvvəl Ermənistanın paytaxtı, Ərzurum da eyni səbəbdən uçquna məruz qalmış, ətraf kəndlər də zərər görmüşdü.

Ortasında Şamaxı kimi yerin olduğu belə bədbəxt bir ölkə daha təsəvvür etmək çətindir. Qayalıq və sıldırımlardan uzaq, neft mədənləri və Xəzər dənizindən Tiflisə gedən hər şeylə dolu Bakıdan sadəcə 90 km məsafədə yerləşən Şamaxıya ən yaxın dəmiryolu stansiyası Kürdəmir 50 km uzaqdadır.

Zaqafqaziyanın geoloji strukturunu 40 il araşdıran geoloq Abix1 deyirdi ki, Şamaxı Zaqafqaziyanın ən təhlükəli nöqtəsində yerləşir və əvvəl axır 1826-cı ildəki fəlakətdən daha güclüsü baş verəcək: “Ya bu şəhəri tərk etməli, ya da güclü sarsıntılara dözə biləcək binalarla yenidən inşa etmək lazımdır.”

Abix haqlı idi, amma alim olmağına baxmayaraq ona fikir vermədilər. Şamaxılılar çox zəlzələlər yaşamışdılar, 1806, 1826, 1847, 1848, 1859-cu illərdə, ancaq son 50 ildə onlar xəstəliklərdən daha çox adam itirmişdilər nəinki zəlzələlərdən. Lakin onlar hələ də öz şəhərlərində idilər, həmişəki qaydada quru daşlardan evlər, qırılqan materiallardan damlar inşa edirlər. Alimin iddiaları qarşısında hökümətin elədiyi isə onu Bakıda evlə təmin etmək olmuşdu.

1869 və 1872-ci ildə də yenə zəlzələlər olmuşdu amma bunlar da Şamaxının inkişafını dayandırmamışdı.

Bu ilin yanvarın otuz birində isə, günorta saat birdə həmin fəlakət baş verdi. Bütün şəhər ayaqda idi, bazarlarda işləyirdilər, hamamlar qadınlar və uşaqlarla dolu idi.

Və birdən gördülər ki suyun qaynadığı kimi qabarcıqlar çıxardaraq yer yarılır. Həmin qabarcıqların üstündəki evlər, bütün şəhər və

Şamaxı, 1902

Şamaxı, 1902

onun sakinləri yırğalanırdı. Şamaxı şəhəri yumşaq torpağın üstündə qurulmuşdu, və hər şey birdən baş verdi, şəhərin altından gələn vulkanik bir gücün təkanı ilə hər şey qalxdı, yüksəldi, öz ətrafında dönərək demək olar ki, uçdu.

Bu dəhşətli mənzərə bir neçə dəqiqə davam etdi. Sonra bu yaşayış massivi insanların ah-naləsi ilə birlikdə elə bir xarabalığa çevrildi ki, sanki heç vaxt mövcud olmamışdı. Şiddətli bir gurultu ilə şəhər tamamilə dağılmışdı. Şamaxıdakı altı min evdən, doqquzu ancaq salamat qala bilmişdi. Qalan hər şey artıq uçmuşdu.

Bu dəhşətli silkələnmədən sonra böyük bir toz buludu hər yeri bürüdü və şəhərdə sağ qalanların gözünü tutdu. Bu toz buludu ilə birlikdə şəhərdən alovlar da yüksəlməyə başlamışdı.

Havanın soyuq və qarlı olması səbəbi ilə demək olar ki, hər evdə soba yanırdı. Bunun nəticəsində də şəhərin hər yerində yanğınlar ortaya çıxmış, fəlakət fəlakətə qarışmışdı.

Qapqara tüstü ilə toz dumanı bir birinə qarışanda, Şamaxı şəhəri artıq alovlar içində idi. Uçqunlar arasında minlərlə ölü və yaralı qalmışdı. Zəlzələdən sağ qalanlar indi də boğulmağa başlamışdı.

Sonrakı iki gündə baş verən bu bədbəxtlik nə idi? Yəqin heç onların özləri də başa düşmürdülər. Ardıcıl silkələnmələrdən qorxan və öz başlarının çarəsinə baxan insanlar, uçqun altında qalan ölülərini axtaracaq, fikirləşə biləcək vəziyyətdə deyildilər.

Təəssüf ki, ilk yardımın gəlməsi çox gecikdi. İki gün Zaqafqaziyanın paytaxtı Tiflisə fəlakət barədə xəbər çatmadı, xəbər çatanda da elə çatdırıldı ki, fəlakətin əsl miqyası haqda məlumat verilmədi. Buna görə də, göndərilən ilk yardım olduqca yetərsiz olmuşdu. Belə ki, Şamaxıya bir neçə həkim, bir neçə əsgər, az miqdarda qida və pul göndərilmişdi.

Hətta indi, bütün çalışmalara baxmayaraq, sağ qalanların vəziyyəti olduqca ağırdır. Dəstək göndərilsə də, indi Şamaxıda nə ərzaq, nə həkim, nə dərman, nə dükan, nə bir daxma..hətta tabut düzəltmək üçün taxta da yoxdur. Bundan daha böyük fəlakət ola bilməz, Qafqaza soyuq külək, qar və yağış gəlməkdədir.

Mümkün olduqca yaralı və xəstələrə nəzarət olunur, uçqunlar altında hələ də sağ qalanlar qurtarılmağa çalışılır. Lakin şübhəsiz ki, sağ qalanların sayı azdır.

Dövlət binaları, bütün zəlzələlərdən salamat çıxmış səkkiz əsrlik məscid daxil, heç bir binanın salamat qalmadığını nəzərə alsaq, ölü sayı olduqca çox olmalıdır. 3 fevralda rəsmi açıqlamaya görə bir neçə yüz adam həlak olmuşdu, daha sonra bu rəqəm 2 minə çıxdı, indi isə bildirilir ki, ölü sayı 5 mini ötüb. Sadəcə hamamlardakı, – ki bunlar böyük tikililərdir və Şamaxıda 12 ədəddir, və hadisə saatı qadın və uşaqlarla dolu olub,- ölü sayı 2-3 min qədərdir.

Yenə eyni şəkildə, tatar məktəblərində çoxlu uşaq var idi, bundan başqa şəhərdə iki önəmli müsəlman yas mərasimi var idi ki, insanlar cənazə evinə yığışınlarmış.

Fəlakətin dəqiq miqyasını və nəticəsi barədə məlumat vermək mümkün deyil. Sadəcə onu dəqiq demək olar ki, artıq Şamaxı mövcud deyil və yardım briqadaları topladıqları bütün cəsədləri sönməmiş əhənglə dəfn etməyə tələsirlər ki, bir epidemiyanın qarşısı vaxtında alınmış olsun.

Şamaxıdan Bakıya və Kürdəmirə gedən yollar təlaş içində qaçan insanlarla doludur. Ən təhlükəlisi və üzüntü verici tərəf isə bütün bölgənin soyuqdan donmasıdır.

Rəsmi qəzet isə Qafqaz canişini knyaz Qolitsinin2 Daxili İşlər Nazirinə göndərdiyi yazını dərc edib:

“Şamaxıdakı zəlzələnin nəticələri həqiqətən də ağırdır; Soyuğun da təsiri ilə sağ qalanların vəziyyəti daha da ağırlaşmaqdadır. Şamaxıda olduğum gün şəhərdə qarın hündürlüyü 1 metrdən çox idi və havada 10 dərəcə şaxta var idi. Bəzi məhəllələrdə heç küçələrin izi də qalmamışdı. Şəhərin bu hissələrinin təmirini düşünmək mümkün deyil. Şəhərin aşağı hissələrində uçqunlar arasından 800-dən çox cəsəd çıxardılmışdı.

Bu günə qədər aldığım məlumata görə zəlzələdən 57 ətraf kənd zərər görmüşdür. Hal-hazırkı məlumata görə həmin kəndlərdə 23 nəfər həlak olmuşdur.”

Son xəbərlərə görə həmin kəndlərdəki qurbanların sayı knyaz Qalitsinin düşündüyündən daha çoxdur, elə təkcə o kəndlərin birindəki ölü sayı 41-dir.

Çar3 Şamaxıya öz köməkçisi, knyaz Obolenskini4 göndərib ki, zəlzələnin verdiyi zərəri aradan qaldırmaq üçün alınacaq tədbirlər barədə ona məlumat versin.

Teqetyev

Mətnin tərcüməsi və açıqlama: Əfqan Xəlilli

 ____________________________

[1]Otto Wilhelm Hermann von Abich

[2] Григорий Сергеевич Голицын

[3] Николай II

[4] Платон Сергеевич Оболенский

%d bloqqer bunu bəyənir: