Azərbaycan dili və xarici dillər arasında transliterasiya problemi
Siyasi və iqtisadi cəhəttən güclü olan, elmə və ədəbiyyata praktiki olarak önəm verən cəmiyyətlərin dili də həmin ölçüdə inkişaf edir, güclü olur, digər dillərə qarşı dominantlıq edir, hətta digər dilləri də təsiri altına ala bilir.
Azərbaycan dili digər oğuz dillərindən coğrafi və siyasi səbəblərdən ayrıldıqca, müstəqilləşdikcə, danışıldığı bölgələrdəki rejimlərin zəifliyi ucbatından yenilmişlərin dili olmaqdan qurtula bilməmişdir.
Saray dili, digər ifadə ilə rəsmi dil ola bilməyən Azərbaycan dili daima digər dillərin kölgəsində qalmışdır. Bu səbəbdən də istər tarixi, istər elmi araşdırmalarda qaynaq dil olma özəlliyi yox dərəcəsindədir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilinə verilən önəm artmışsa da, digər dillərlə münasibət rus dili vasitəsi ilə mümkün olmuşdur. Bu məsələdə, sadəcə klassik səbəblərdən, ərəb və fars dillərini çıxmaq lazımdır.
Əsasən qərb dilləri ilə əlaqələrdə isə rus dilinin həm vasitəçi həm təyin edici olması isə hələ də özünü göstərməkdədir. Xüsusi ilə toponimlərdə, həmçinin özəl adlarda həm Azərbaycan dilindən digər dillərə, həm digər qərb dillərindən Azərbaycan dilinə olan mətnlərdə adların transliterasiyası hələ də rus dilinin diktəsi ilə yazılmaqdadır.
Buna misal olaraq:
Hələ də qərb mətbuatında Azərbaycan adı Azerbaidzhan[1],[2],[3]; Gəncə adı Gyandzha[4],[5], Gandja[6] vs; Sumqayıt adı Sumgait[7],[8]; Heydər Əliyev adı Geidar3, Gaidar Aliev[9],, (Bu mövzuda, 80-ci illərdə Türkiyə mətbuatındakı dərc edilmiş bir yazıda qeyd olunur: “Dünya basını, ilk adının nasıl yazılacağını pek doğrudürüst bilemeden, “Ceydar” ya da “Geidar” Aliyevin Politbüro üyeliğine getirilişini “Brejnev döneminin devamı” olarak değerlendiriyor[10]), Gədəbəy adı Gedabek[11] kimi vs. yazılmaqdadır.
Yuxarıdakı nümunələri uzatmaq mümkündür. Buradan da görünür ki, bütün adlar rus dilindən qərb dillərinə keçmişdir. Araşdırmalar zamanı, onu da görmək mümkündür ki, hətta bəzən adlar Azərbaycan dilindən rus dilinə, rus dilindən ingilis dilinə, ingilis dilindən isə hətta hansısa digər 4-cü dilə keçərək yazılmışdır. Ən acınacaqlısı isə bəzən 4-cü dilin türk dili olmasıdır5.
Azərbaycan dilindən başqa dillərə olduğu kimi, başqa dillərdən Azərbaycan dilinə olan transliterasiyalarda da rus dili həll edici olmağa davam edir. Günümüzdə buna səbəb Azərbaycan dilində araşdırma yazısı hazırlayanların əksəriyyətinin öz araşdırmala-
rını əslində əvvəlcə rus dilində etməsi, və digər dillərdə olan qaynaqları bu dil vasitəsi ilə əldə etməsidir. Orijinal dilə hakim olmayan araşdırmaçı Azərbaycan dilində mətni hazırlayarkən transliterasiyanı rus dilindən olduğu kimi otürməsi isə yeni bir səhvin yaranmasına səbəb olur.
Məsələn; fransız yazıçı Viktor Hüqonun normalda adı “Üqo” şəklində transliterasiya ediləməli ikən, rus dilindəki “Гюго” səbəbi ilə dilimizə “Hüqo” şəklində ötürülmüşdür. Belə ki, fransız dilində “H” hərfi qətiyyən tələffüz edilmir.
Başqa bir misalda, perulu yazıçı Mario Barqas Yosa-nın (Mario Vargas Llosa) adı, ispan dilinin oxunuş qaydalarına görə Barqas Yosa şəklində keçməli ikən sırf rus dilinin dominantlığı ucbatından Lyosa (rusca: Льоса) şəklində qeyd olunur. Qeyd etmək lazımdır ki, ispan dilinin bütün dünyada tənzimləyicisi olaraq qəbul edilən İspan dili Krallıq Akademiyasının (Real Academía Española) tərtib etdiyi lüğətə görə “V” hərfi bütün ispandilli ölkələrəd /b/ olaraq oxunur, ayrıca 1803-cü ildən 1994-cü ilə qədər Akademiyanın ispan əlifbasında ayrıca hərf qəbul etdiyi, lakin sonradan alınan qərarla ispan əlifbasından çıxardılmış “LL” diqrafı, /y/ səsini ifadə etməkdədir.[12a][12b][13]
Bir digər fransız yazıçı filosof, Albert Kamü uzun illər Azərbaycan dilində “Kamyü” şəklində qeyd olunurdu, buna səbəb yazarın adının rusca “Камю” yazılması idi. Lakin son dövrdə tərcüməçilərin israrı nəticəsində yeni nəşrlərdə Kamü şəklində görmək mümkün olub.
Başqa bir misal, portuqal yazıçı Juze Saramaqu ilə bağlıdır. Portuqal dilində José Saramago yazıldığı üçün işin əhli olmayan insanlar tərəfindən, ispan dilindəki José adı ilə qarışdırılaraq Xose[14],[15][16],[17] şəklində təqdim edilir. Lakin hər nə qədər yazılış eyni olsa da, portuqalca bu ad “Joze” olaraq oxunur, və dilimizə bu şəkildə transliterasiya edilməlidir.
Onu da qeyd etmək yerinə düşər ki, portuqal dilində sözlərin sonundakı “o” hərfi əksərən /u/ şəklində tələffüz edilir. Özəlliklə idman mediasında tez-tez rast gəlinən Braziliya və Portuqaliya kökənli özəl adların dilimizə səhv transliterasiya edildiyini müşahidə etmək mümkündür.
Xarici dillərdən gəlmə özəl adların yazılışı mövzusunda hər dil özünə görə qaydalar tətbiq etməkdədir. Azərbaycan dilinin yazılış qaydalarına xarici dillərdən gələn özəl adların hamısı deyildiyi kimi yazılır. Lakin xüsusilə son bir neçə ildə, Azərbaycandakı tərcüməçilik sahəsində ortaya çıxan, türk dilindən Azərbaycan dilinə qərb ölkələrinin ədəbiyyatını tərcümə edən səriştəsiz tərcüməçilər səbəbi ilə yayğınlaşan yeni üsul var: adı olduğu kimi yazmaq. Bu məsələdə ən maraqlısı isə odur ki, bu üsul ancaq qərb dillərindəki adlarda tətbiq edilir. Daha doğrusu latın əlifbasından istifadə edən dillərdən alınan adlarda. Rus, Ərəb, Fars, Gürcü, Erməni, Yapon, Çin vs. dillərdəki adlarda isə əsas üsul – səsləndiyi kimi yazmaq tərcih edilir. Hətta bəzən ingilis dilindəki yazılışını da oxuyucuya təqdim edə bilərlər.
Bir çox linqvistik forumlarda da son dövrlərdə bu kimi transliterasiya problemlərini həll etmək üçün təklif olunan getdikcə və rəğbət qazanan üsul isə, özəl adın səsləndiyi kimi yazılması və ardınca mötərizədə orijinal dilində yazıldığı kimi təqdim edilməsidir. Beləcə həm, orijinal dili bilməyən oxuyuculara hörmətsiz edilməmiş olar, həm də adın orijinal dilindəki yazılışı da təqdim edilər. Linqvistik baxımdan bu kimi aktual mövzuların Azərbaycanda da dilçilik qurumları, universitetlər, filoloqlar, tərcüməçilər tərəfindən forumlarda, seminarlarda müzakirəyə çıxardılması Azərbaycan dilinin inkişafı baxımından olduqca faydalı olar, həmçinin dilimizin digər dillərlə ünsiyyətində vasitəçi dilərin təyinediciliyini ortadan qaldırmağa təkan verər.
Əfqan Xəlilli
Filoloq
[1] http://www.cidob.org/es/documentacio/biografias_lideres_politicos/europa/azerbaidzhan/heydar_aliev
[2] 3 Noyabr 1971, “ABC” qəzeti, İspaniya http://hemeroteca.abc.es/nav/Navigate.exe/hemeroteca/madrid/abc/1971/11/03/054.html
[3] Naciones y hegemonías en el espacio postsoviético, Olqa Lepixina, Santiaqo, Çili, 2012
[4] 4 iyul 1993, “ABC” qəzeti, İspaniya http://hemeroteca.abc.es/nav/Navigate.exe/hemeroteca/madrid/abc/1993/07/04/044.html
[5] Peru Ticarət Palatasının səhifəsi, http://www.x.com.pe/lib160/azeirbeiyan.htm
[6] 23 iyun 1993, “ABC” qəzeti, İspaniya http://hemeroteca.abc.es/nav/Navigate.exe/hemeroteca/madrid/abc/1993/06/28/038.html
[7] 17 Oktyabr 2003, “Hürriyet” qəzeti, Türkiyə http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=177752
[8] 31 Mart 1988, “Milliyet” qəzeti, səhifə 4, Türkiyə
[9] 23 Noyabr 1982, “El Pais” qəzeti, İspaniya http://elpais.com/diario/1982/11/23/internacional/406854002_850215.html
[10] 24 Noyabr 1982, “Milliyyet” qəzeti, səhifə 2, Türkiyə
[11] 23 aprel 2014, Oro y Finanzas, http://www.oroyfinanzas.com/2014/04/anglo-asian-incrementa-produccion-oro-azerbaiyan-polymetal-seguira-cotizando-londres/
[12a] İspan dili Krallıq Akademiyası lüğəti, http://lema.rae.es/drae/?val=v
[12b] İspan dili Krallıq Akademiyası lüğəti, http://lema.rae.es/drae/?val=ll
[13] http://www.rae.es/consultas/exclusion-de-ch-y-ll-del-abecedario