Sükutunu sevirəm sənin – Pablo Neruda

Sükutunu sevirəm sənin, qeybdəsənmiş kimi,
Sanki uzaqdan baxırsan, çatmır səsim sənə.
Elə bil yol çəkib uçur gözlərin
Sanki qərq eləyib bir öpüş səni özünə.

Ruhumla dolmuş hər şey kimi
Hər şeydə sən varsan, ruhumla dolu.
Ruhum kimisən, xülyamın pərvanəsi,
Sanki sənsən melanxoliya kəlməsi.

Sükutunu sevirəm sənin, uzaqlardasanmış kimi.
Qozadakı pərvanə tək çırpınırsan sanki.
Uzaqlardan eşidirsən məni, yetmir ünüm sənə
Qoy mən də susum, sənin səssizliyində.

İcazə ver danışam sənin səssizliyinlə
Lampa kimi aydın, üzük kimi sadə.
Gecə kimisən, səssiz və ulduzlu
Ulduzlardandır sükutun, o qədər uzaq və pak

Sükutunu sevirəm sənin, qeybdəsənmiş kimi,
O qədər uzaq və sancılı, ölmüsən sanki.
Ancaq bircə söz, bircə təbəssüm yetər
Gerçək olmayacaq qədər xoşbəxt olam.

 

İspan dilindən Tərcümə: Əfqan Xəlilli
Orijinal adı: Me Gustas Cuando Callas, Pablo Neruda

%d bloqqer bunu bəyənir: