Miqel de Unamuno

Miqel de Unamuno

Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno i Xuqo (Miguel de Unamuno y Jugo) 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir. Orta məktəb təhsilini Bilbaodakı Vizkaino İnstitutunda almış, daha sonra ali təhsil üçün paytaxta getmişdir. Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891-1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901-1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır.

1931-ci ildə İspaniyada II Respublikanın qurulmasından sonra, Miqel de Unamuno yenidən Salamanka Universitetinin rəhbəri təyin olunur. Yeni qurulan hökümətdə ona təklif edilən Mədəniyət nazirliyi vəzifəsini bir müddət icra etsə də, sonradan ideoloji səbəblərdən bundan imtina edir. Ölkədəki sosial-ideoloji vəziyətdən ciddi narahatçılıq keçirən Unamuno, hökümətin anti-demokratik siyasətini də tənqid etməkdən qalmır. 1936-cı ildə General Frankonun başçılığındakı üsyanın ilkin mərhələsində üsyana dəstək versə də, daha sonra bu fikrindən daşınır. Frankistləri nəzərdə tutaraq açıqca “Siz qalib gələcəksiniz, lakin ürəyimiz fəth edə bilməyəcəksiniz” (Venceréis, pero no convenceréis [1]) deyərək ziyalı mövqeyini qorumuşdur.

Bütün bunlardan sonra yaşlı filosof üsyançılar tərəfindən ev həbsində saxlanılmış, qısa müddətdən sonra isə Miqel de Unamuno vəfat etmişdir. (1936)

Ədəbi fəaliyətinə esselər yazaraq başlayan Unamunonun əsərlərində ispan cəmiyətinə hakim olmuş ictimai durğunluq tənqid edilir, ölkənin çevrilişin astanasında olduğunu tipik bir “98 Nəsli” yazıçısı kimi ortaya qoyulurdu. İspaniyanın çoxəsrlik tarixinə yaxından bələd olan yazıçı, “iki tarix” konsepsiyasını ortaya qoyurdu: Rəsmi tarix və “intrahistoria” olaraq adlandırdığı, bilinən tarixin ardındakı, insanların, xalqın ənənəvi həyatının tarixçəsi. Unamunonun əsərlərində, xalq tarixin, əsl milli ənənələrin daşıyıcıları idisə, feodallar, burjua və monarxiya üzvləri isə saxtakar, rəsmi tarixin təmsilçiləri idi.

Unamuno, “intrahistoria” anlayışını ilk dəfə bədii olaraq “Müharibədə sülh” (Paz en la guerra, 1897) əsərində ortaya qoymuşdur. Əsərin adından da göründüyü kimi, müəllif bu əsərində L. Tolstoyun “Müharibə və Sülh” epopeyasından təsirlənmişdir. Qeyd etmək lazımdır ki, Unamuno ömrünün sonuna qədər Tolstoyun fikirlərinə daima müraciət etmişdir. 2-ci Karlist Müharibə dövründə (1873-1876) Bilbaonun karlistlər tərəfindən işğal günlərindən bəsh edən bu əsər müasir ispan ədəbiyatının inkişafında mühüm yer tutur. Unamunonun həmin dövrə 9 yaşında ikən canlı şahid olması artıq uşaq yaşlarından İspaniyanın düşdüyü vəziyətin ağırlığını və ondan çıxış yollarını düşünməyə başladığını deməyə əsas verir. Qardaş qanının axıdılması; öz qanunları ilə yaşayan xalqın ali ispan cəmiyətində baş verən hadisələrdən təcridi əsərin əsas mövzularındandır. Unamuno fəlsəfəsinə görə tarix və “gizli tarix” (intrahistoria) hər addımda qarşı-qarşıya gəlir, yolları kəsişir.

İspan xalqının düşdüyü acınacaqlı vəziyətdən çıxış yolunun sosializmdə olacağına ümid edərək, Unamuno bir müddət K.Marks fikirləriylə yaxından tanış olur. Marksizmin bütün həyati problemlərin kökündə sanki iqtisadiyatın durduğu fikrinə qarşı, o, sosializmdən imtina edir, çünki onun fikrincə problemlərin kökündə daha çox mənəviyat dayanırdı. Bütün bu fikirlərdən sonra onun ədəbi həyatında yeni bir səhifə açılmağa başlanır və “Həyat bir röyadır. İspaniyanın dirçəlişi haqqında mülahizələr” (1898) essesində ilk dəfə bu yöndəki fikirlərini açıqlayır.

Bu dövrlədə Miqel de Unamuno həyata dair şəxsi düşüncələri ilə bağlı mənəvi böhran da yaşamağa, dini, Tanrı inancını sorğulamağa başlayır, hətta intihara doğru sürüklənir. Lakin himayəsindəki uşaqları, ailəsini fikirləşərək bu fikrindən daşınır. Əslində, Unamuno inanc burulğanına hələ Madriddə tələbə ikən düşmüş, və həmin mənəvi çalxantılardan aqnostik olaraq çıxmışdı. Lakin yaşının 40-a yaxınlaşdığı vaxtlarda yaşadığı həmin böhran onu gah dinə yönəldir, gah da “Tanrı dinsizdir” deyərək dindən uzaqlaşdırırdı. Həmin dövrdə yazdığı məqalələrdə, esselərdə də Unamuno ölümsüzlük, Tanrı, insan iradəsi, özünütəsdiq kimi mövzular işlənmişdir.

Salamankadakı ilk illərində olduqca monoton bir həyat ritmi olsa da, illər keçdikcə, Unamuno əsələrini yayır, fəlsəfi və siyasi düşüncələrini açıqca bəyan edir və beləcə bir çox kəsimin diqqətini üzərinə çəkməyi bacarır. Lakin fərdiyətçiliyə olan meyli hərhansı siyasi qrupun içində yer almağa ona imkan vermirdi. Unamunonun siyasi partiyalara məsafəli olması, ətrafındakı insanlar tərəfindən onun bütünləşdirici bir fiqur kimi qəbul edilməsinə səbəb olur. Bəlkə də elə bu səbəbdən, akademiklərdən də güclü dəstək alaraq uzun müddət Salamanka Universitetinin əfsanəvi rektoruna çevrilməyi bacarır.

Salamanka Universitetinin rektoru olduqdan sonra yazdığı “Üç esse” (Tres ensayos), “Hamı bir nəfər” (Todo un hombre), “Mənzərələr” (Paisajes) vs. publisistik əsərlərində, “Sevgi və pedaqogika” (Amor y pedagogía) romanında cəmiyətin tənqidi açıq şəkildə ortaya qoyulmuşdur.

1905-ci ildə, Unamuno, onun ən parlaq fəlsəfi romanlarından biri sayılan “Don Kixot və Sançonun Həyatı” romanını nəşr edir. “Milli İncilimiz” dediyi, Miqel de Servantesin “La Mançalı Don Kixot” romanının müxtəlif bölümlərinə yazdığı fəlsəfi şərhlərlə Servantesin ölümsüz əsərinə olan heyranlığını da ortaya qoymuşdur.

Tənqidçilərin onun romanlarına qarşı üslub baxımından xoş rəylər almadığından xəbərdar olan Miqel de Unamuno, öz romanlarına “nivola[2] deməyə başlayır və ilk nivolasını 1914-cü ildə yayımlayır. “Duman” adlı əsərində eksiztensialist nöqteyi nəzərini roman qəhrəmanları vasitəsiylə oxuculara çatdıran müəllif, əsərin sonunda özünü də romanın içinə qataraq, oxucularda Tanrıya, insana, həyata, ölümə, ali iradəyə vs dair bir çox sualların yaranmasına səbəb olur.

1917-ci ildə Miqel de Unamuno, digər məşhur əsəri “Abel Sançes” romanını nəşr etdirir. Abel və Xoakin adlı iki dost arasında baş verən çəkişmə, rəqabət, paxıllıq, ambisiya, hərislik, özünütəsdiq kimi mövzunu, bir çox dinlərdə də mövcud olan “Habil və Qabil” qardaşlarının hekayəsi, xeyir və şərin mübarizəsi, ilə paralelləşdirərək, Unamuno mükəmməl bir əsər ortaya qoymuşdur.

Unamuno öz yaradıcılığına bənzər məsələlər ilə “Tula xala” (Tía Tula) əsərində yenidən müraciət etmiş və bu əsərini 1920-ci ildə yayımlamışdır.

Unamuno yaradıcılığı, bir çox avropalı fikir adamlarına, ədəbiyyatçılara öz təsirini göstərsə də, təəssüf ki, bu günə qədər, azərbaycanlı oxucu, geniş kütlə üçün tanış deyil. Bunun əsas səbəbi, müəllifin əsərlərinin dilimizə tərcümə edilməməsidir. Lakin, əminik ki, azərbaycanlı oxucu Unamunonun əsərlərində Azərbaycan cəmiyyəti üçün yad olmayan bir çox mövzular haqqında yeni fikirlərlə, yeni baxış bucaqları ilə tanış olacaq. Bu səbəbdən də, “Hispaniya” portalı tez-tez Unamunonun esselərini, romanlarını öz oxucularına çatdıracaqdır.

Əfqan Xəlilli

www.hispaniya.com

[1] Qalib gələcəksiniz, lakin ikna edə bilməyəcəksiniz..

[2] Novela – roman, sözünün deformasiya olmuş şəkli: nivola

%d bloqqer bunu bəyənir: